Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu keçirilib

Dekabr 05,2020 13:32

Cənab Prezident İlham Əliyevin sərəncamı ilə elan edilən “Könüllülər İli” çərçivəsində 5 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Günü münasibətilə “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu” keçirilib.


ZOOM platforması üzərindən 2 minə yaxın könüllünün iştirakı ilə baş tutan görüş, eyni zamanda Azərbaycan Könüllü Təşkilatları İttifaqının facebook səhifəsində canlı yayımlanıb. Dövlət himninin səslənməsi ilə başlayan tədbir Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.


Dövlət rəsmiləri və beynəlxalq təşkilatların nümayəndələrinin könüllülərə müraciətlərinin yer aldığı tədbirdə müxtəlif videoçarxlar nümayiş olunub, musiqili fasilələr və intellektual yarışlar təşkil edilib.

Forumda BMT-nin baş katibi Antonio Quttereş, Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, BMT Könüllülük Proqramının icraçı koordinatorunun müavini Toily Kurbanov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun könüllülərə müraciəti dinlənilib. Çıxışlar zamanı könüllülüyün gənclər arasında bir həyat tərzinə çevrildiyi, onların istər gündəlik fəaliyyətləri zamanı, istərsə də pandemiya və müharibə dövründə əsl həmrəylik və cəsarət nümunəsi olmağı bacardıqları qeyd olunub. İl ərzində cəmiyyətin müxtəlif sahələrinin inkişafına verdikləri töhfəyə görə könüllülərə təşəkkür edilib, qarşıdakı fəaliyyətlərində uğurlar arzu edilib.


Daha sonra ölkəmizin müxtəlif bölgələrindən olan könüllülərin təbrik videosu izlənilib və “Könüllülük mənə nə qazandırdı?”, “Hər bir könüllüyə təşəkkür edirik!” başlıqlı videoçarxlar nümayiş olunub. Musiqili fasilələr zamanı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “İTicket” və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyininin birgə layihəsi çərçivəsində ərsəyə gələn Türkiyənin məşhur “Manga” qrupunun solisti Fərman Akgül və əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Ulu Vətən” mannısı səsləndirilib, həmçinin könüllülərin ifasında da eyni mahnı təqdim edilib.


Tədbir könüllülərin həyəcanla gözlədiyi hissə - ilin ən fəal könüllülərinin elan edilməsi mərasimi ilə davam edib. 4 fərqli kateqoriya – “Pandemiya dövründə könüllülük”, “Müharibə dövründə könüllülük”, “Sosial könüllülük” və “Ekoloji könüllülük” üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunan könüllülərin adları açıqlanıb.


Beynəlxalq Könüllülər Gününə həsr olunan Forum zamanı Azərbaycan Könüllülər Himni təqdim olunaraq, könüllülərə bu günə özəl kiçik sürpriz edilib. Musiqisi və sözləri gənc müğənni Tofiq Hacıyevə məxsus olan himn elə özünün ifasında da səsləndirilib.

 

Xatırladaq ki, dekabrın 4-də başlayan “Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”nun ilk günündə Vətən müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar könüllü təşkilatlarının rəhbərləri və könüllülərin iştirakı ilə Şəhidlər xiyabanı və Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət ediblər. Azərbaycan könüllülərinin vahid portalı olan konullu.az elektron portalının onlayn formatda təqdimatı keçirilib.